Kənd Təsərrüfatı Nazirliyi · 06 Okt 2026

Ağdam rayonuna mediatur təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində Ağdam rayonuna mediatur təşkil olunub.

Mediaturda iştirak edən media nümayəndələri 100-cü Yubiley Aqrar Biznes Festivalının keçirildiyi əraziyə baxış keçirib, burada təşkil olunan sərgi bölmələri, iştirakçıların təqdim etdiyi məhsul və xidmətlər, eləcə də aqrar sahədə tətbiq olunan müasir texnologiyalar və innovativ həllərlə tanış olublar.

Media nümayəndələrinə Aqrar Biznes Festivalının məqsədi, tədbir çərçivəsində fermer və sahibkarlar üçün yaradılan imkanlar, aqrar sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və müasir texnologiyaların tətbiqinin təşviqi ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Mediatur iştirakçıları festivalın təşkil olunduğu ərazidə aparılan işləri, sərgi və təqdimatları, eləcə də Ağdamda həyata keçirilən bərpa-quruculuq prosesinin müxtəlif istiqamətlərini yaxından izləmək imkanı əldə ediblər.

Mediatur çərçivəsində, həmçinin Ağdam rayonunda “Agro Food İnvestments” şirkəti tərəfindən salınmış nar bağlarına - “Zəfər bağları”na baxış keçirilib. Media nümayəndələri bağlarda görülən işlər, narçılığın inkişafı istiqamətində həyata keçirilən fəaliyyət və işğaldan azad edilmiş ərazilərdə aqrar istehsal potensialının reallaşdırılması ilə bağlı məlumatlandırılıblar.

Mənbə: Kənd Təsərrüfatı Nazirliyi