
Bərdədə aqrar sahə üzrə Dövlət Proqramının icra vəziyyəti müzakirə edilib
Bərdə rayonunda Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının icrası istiqamətində görülmüş işlər və əldə olunmuş nəticələr müzakirə edilib.
Görüşdən əvvəl iştirakçılar rayonda fəaliyyət göstərən aqrar və fermer təsərrüfatlarına baş çəkərək mövcud vəziyyətlə yerində tanış olublar. Prezident Administrasiyasının sektor müdiri, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq və balıqçılıq siyasəti şöbəsinin müdiri, Əlaqələndirmə Qərargahının üzvləri və aidiyyəti dövlət qurumlarının yerli nümayəndələri təsərrüfatlarda aparılan işləri nəzərdən keçiriblər.
Baxış zamanı əkin sahələrinin vəziyyəti, torpaq və su ehtiyatlarından səmərəli istifadə, istehsal imkanları və suvarma təminatı məsələlərinə diqqət yetirilib. Fermer və sahibkarlarla söhbətlərdə onların qarşılaşdıqları çətinliklər, təklif və müraciətləri dinlənilib, problemlərin həlli yolları ətrafında fikir mübadiləsi aparılıb.
Sonra Bərdə Rayon İcra Hakimiyyətinin inzibati binasında müşavirə keçirilib. Dövlət qurumlarının nümayəndələrinin, Əlaqələndirmə Qərargahının üzvlərinin, fermer və sahibkarların iştirakı ilə keçirilən tədbirdə Dövlət Proqramının rayon üzrə icrasına dair altı ay ərzində görülmüş işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr ətraflı təhlil edilib. Eyni zamanda, əkinəyararlı torpaqlardan səmərəli istifadə, kənd təsərrüfatı məhsullarının istehsalının və məhsuldarlığın artırılması, su təminatının yaxşılaşdırılması, eləcə də heyvandarlıq və digər aqrar istiqamətlərin inkişafı məsələləri diqqət mərkəzində saxlanılıb.
Fermer və sahibkarların müraciətləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.