Kənd Təsərrüfatı Nazirliyi · 23 Noy 2026

Dünya Bankının nümayəndə heyəti AKİA-da qiymətləndirmə missiyası keçirib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı tərəfindən birgə hazırlanan “Rəqabətqabiliyyətli, Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri” (CRAİS) layihəsi çərçivəsində Aqrar Kredit və İnkişaf Agentliyində (AKİA) maliyyə və institusional qiymətləndirmə (Due Diligence) missiyası həyata keçirilib.

Missiyada Dünya Bankının qiymətləndirmə prosesi üzrə əsas əlaqələndiricisi Xose Rutman və maliyyə mütəxəssisi Patrik Doherti iştirak ediblər.

Missiyanın əsas məqsədi AKİA-nın institusional və maliyyə idarəetmə potensialının, mövcud əməliyyat mexanizmlərinin və CRAİS layihəsi çərçivəsində nəzərdə tutulan fəaliyyətlərin icrasına hazırlıq səviyyəsinin qiymətləndirilməsi olub.

Missiya çərçivəsində Dünya Bankının ekspertləri AKİA-nın sədri Yalçın Camalov və müvafiq struktur bölmələrinin nümayəndələri ilə görüşlər keçiriblər. Görüşlərdə Agentliyin tətbiq etdiyi güzəştli kredit və maliyyə dəstəyi mexanizmləri, kənd təsərrüfatı subsidiyalarının idarə edilməsi, beynəlxalq layihə və proqramların icrası, maliyyə və mühasibat uçotu, hüquqi tənzimləmə, daxili nəzarət və monitorinq sistemləri barədə ətraflı məlumat təqdim olunub.

Dünya Bankının nümayəndələri AKİA ilə əməkdaşlıq edən müvəkkil kommersiya bankları və bank olmayan kredit təşkilatlarının (BOKT) təmsilçiləri ilə də görüşüblər. Görüşlər zamanı aqrar sektorda maliyyə resurslarına çıxış imkanları, güzəştli kreditləşmə mexanizmlərinin tətbiqi, texniki yardım tədbirləri və dövlət maliyyə dəstəyi alətlərinin səmərəliliyi ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə: Kənd Təsərrüfatı Nazirliyi