Kənd Təsərrüfatı Nazirliyi · 07 Okt 2026

Milli Məclisdə “Aqrar sahə haqqında” qanun layihəsi müzakirə olunub

Oktyabrın 7-də Milli Məclisin Aqrar siyasət komitəsinin ictimai dinləmə formatında iclası keçirilib. İclasda birinci oxunuşda olan iki məsələ - “Aqrar sahə haqqında” və “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Kredit ittifaqları haqqında”, “Büdcə sistemi haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihələri müzakirəyə çıxarılıb.

Komitə sədri Tahir Rzayev iclası açaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin hazırkı dövrdə aqrar sektorun dayanıqlı inkişafını, ərzaq təhlükəsizliyinin təmin edilməsini, kənd təsərrüfatı torpaqlarından istifadənin səmərəliliyini artırmaqla aqrar məhsulların istehsalı və emalı üçün lazımi şəraitin yaradılmasını, məhsuldarlığın yüksəldilməsini başlıca vəzifə kimi qarşıya qoyduğunu vurğulayıb.

O, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edildiyini, “Toxumçuluq haqqında” və “Balıqçılıq haqqında” qanunların qəbul edildiyini, “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsinin müzakirədən keçdiyini söyləyib.

Tahir Rzayev bu gün təqdim olunan “Aqrar sahə haqqında” qanun layihəsinin sözügedən Dövlət Proqramında nəzərdə tutulan tədbirlərdən irəli gələrək hazırlandığını bildirib. O, sənədin aqrar sahədə dövlət tənzimlənməsi və dəstəyinin hüquqi, təşkilati, sosial və iqtisadi əsaslarını müəyyən etdiyini deyib. Qeyd edib ki, aqrar sahədə müxtəlif və çoxsaylı qanunlar mövcud olsa da, müasir dövrdə onların sistemləşdirilməsi, bu istiqamətdə vahid qanunvericilik bazasının yaradılması və hüquqi çərçivədə vahid yanaşmanın tətbiqi zəruridir. Bu baxımdan müzakirəyə çıxarılan qanun layihəsi baza qanunu kimi xarakterizə olunur. Qanunun qəbulu ilə “Taxıl haqqında”, “Çayçılıq haqqında”, “Pambıqçılıq haqqında”, “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunlar ləğv olunur, onların aktual müddəaları yeni qanuna daxil edilir.

Komitə sədri ölkə başçısı tərəfindən həyata keçirilən mühüm tədbirlərin, əldə olunan nəticələrin, imzalanan sənədlərin və qəbul edilən qanunların geniş təşviq olunmasının əhəmiyyətindən danışıb. O, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı çağırışını xatırladaraq, Azərbaycan reallıqlarının, ölkədə görülən işlərin və mövcud müsbət ab-havanın daim ictimai müzakirələrdə saxlanılmasının vacibliyini vurğulayıb.

Mənbə: Kənd Təsərrüfatı Nazirliyi