
ADA Universitetində Ümumdünya Ərzaq Günününə həsr olunmuş tədbir keçirilib
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatı Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Bu gün innovasiya et, sabahın qidasını təmin et” şüarı altında Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir dayanıqlı ərzaq sistemlərinin qurulmasında və ərzaq təhlükəsizliyinin təmin edilməsində innovasiyanın roluna həsr olunub.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə “Ümumdünya Ərzaq Günü 2026” tədbirinin aqrar sahədə fikir və təcrübə mübadiləsi, eləcə də yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətini qeyd edib. O, bu cür platformaların müxtəlif tərəflər arasında əlaqələrin möhkəmləndirilməsinə və kənd təsərrüfatının gələcək inkişafına dair təşəbbüslərin təşviqinə imkan yaratdığını bildirib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, müasir dövrdə kənd təsərrüfatı ənənəvi istehsal sahəsi olmaqla yanaşı, elmin, innovativ texnologiyaların, məlumatların, maliyyə imkanlarının və səmərəli idarəetmənin vəhdət təşkil etdiyi mühüm iqtisadi fəaliyyət sahəsidir.
Nazir qeyd edib ki, Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorun növbəti inkişaf mərhələsinin strateji istiqamətlərini müəyyən edir. Proqramda resurslardan səmərəli istifadə, rəqəmsallaşma, rəqabətqabiliyyətli və iqlimə davamlı məhsul istehsalı, eləcə də yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığın inkişafı prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Bu hədəflərə çatmaqda innovasiyaların, süni intellektin, məlumatlara əsaslanan təhlil və erkən xəbərdarlıq sistemlərinin tətbiqi mühüm əhəmiyyət daşıyır. Azərbaycan aqrar sektorun inkişafına məhz bu yanaşma ilə istiqamət verir.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli son illərdə Azərbaycanda qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər və əldə edilən nəticələrdən danışıb. Əldə edilən nailiyətlərlə yanaşı, qarşıda mühüm hədəflərin olduğunu deyən Qoşqar Təhməzli aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyac duyulduğunu, ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin fəaliyyətinin mühüm olduğunu diqqətə çatdırıb.