Kənd Təsərrüfatı Nazirliyi · 28 Sen 2026

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq olunan aqrar sığorta mexanizmindən yararlanan fermer və təsərrüfatların sayı artmaqda davam edir.

Aqrar Sığorta Fondu (ASF) 2026-cı ilin ilk 9 ayında daxil olmuş müraciətlər əsasında 1268 sığorta müqaviləsi üzrə 8 727 hektar əkin sahəsində zərər müəyyən edib. Qeydə alınmış hadisələr üzrə fermerlərə ümumilikdə 4 milyon 468 min manat zərər dəydiyi hesablanıb.

Zərərlərin əsas hissəsi dolu, sel-subasma və fırtına ilə bağlıdır. Dolu 2 326 hektar, sel-subasma 2 913 hektar, fırtına isə 2 424 hektar əkin sahəsinə zərər vurub. Dolu üzrə 1,47 milyon manat, sel-subasma üzrə 1,44 milyon manat, fırtına üzrə 942 min manat, üçüncü şəxslərin hərəkətləri üzrə isə 504 min manat zərər ödənişi hesablanıb. Yanğın, vəhşi heyvanların hücumu və şaxtavurma nəticəsində də zərərlər qeydə alınıb.

Ən böyük zərər taxıl sahələrində müəyyən edilib. 6 945 hektar taxıl sahəsinə 2 milyon 180 min manat zərər dəyib ki, bu da bütün hesablanmış ödənişlərin 49%-ni təşkil edir. Meyvə bağları üzrə zərər 1,6 milyon manat, texniki bitkilər üzrə 621 min manatdır.

Regionlar arasında ən böyük zərər Quba-Xaçmazda – 1,21 milyon manat olub. Şəki-Zaqatalada 1 milyon 82 min manat, Şirvan-Salyanda 793 min manat, Qarabağda 457 min manat, Dağlıq Şirvanda isə 252 min manat zərər hesablanıb.

Mənbə: Kənd Təsərrüfatı Nazirliyi