Kənd Təsərrüfatı Nazirliyi · 15 Okt 2026

“Aqrar Süni İntellekt” layihəsinin icra vəziyyətinə dair mətbuat konfransı keçirilib

Oktyabrın 15-də Kənd Təsərrüfatı Nazirliyində “Aqrar Süni İntellekt” layihəsinin icra vəziyyəti və aqrar sahədə tətbiq olunan texnoloji yeniliklərə həsr olunmuş mətbuat konfransı keçirilib.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova layihənin əhəmiyyəti, əldə olunan nəticələr və qarşıdakı mərhələdə görüləcək işlər barədə məlumat verib. Bildirilib ki, layihənin icrası kənd təsərrüfatında süni intellekt və rəqəmsal texnologiyaların tətbiqini genişləndirmək, məhsuldarlığı artırmaq, su və digər resurslardan səmərəli istifadəni təşviq etmək, aqrar riskləri əvvəlcədən qiymətləndirmək və dövlət dəstəyi mexanizmlərini təkmilləşdirməyə xidmət edir.

Qeyd olunub ki, hazırda layihə çərçivəsində nəzərdə tutulan 33 həllin 13-ü artıq istismara verilib, 11-i sınaq və inteqrasiya mərhələsindədir, 7-si hazırlanır, 2-si üzrə isə işlərə başlanılması planlaşdırılır. Hazırda istismarda olan həllər bitki sağlamlığı, bitki uyğunluğu, suvarmanın idarə edilməsi, dinamik iqlim xəritəsi və fermer reytinqi proqramlarını əhatə edir. Növbəti mərhələdə həllərin sınaqdan keçirilməsi, müvafiq informasiya sistemlərinə inteqrasiyası və fermerlər arasında istifadəsinin genişləndirilməsi istiqamətində işlər davam etdiriləcək.

Nazir müavini, həmçinin Azərbaycanda 350 minə yaxın aktiv fermerin elektron kabinet vasitəsilə “Aqrar Süni İntellekt” layihəsinin imkanlarından yararlanması üçün şərait yaradıldığını bildirib.

Layihənin rəhbəri Surxay Novruzov çıxışında fermerlər üçün müasir qərarvermə imkanlarının yaradıldığını diqqətə çatdırıb. O qeyd edib ki, sistemə ölkədə becərilən əsas bitkilərə təsir göstərən xəstəlik və zərərvericilərlə bağlı 18 modul daxil edilib.

Mənbə: Kənd Təsərrüfatı Nazirliyi