
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
Tovuz rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Tovuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə növbəti Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib.
Tədbirin əsas məqsədi fermerlərin sertifikatlaşdırılmış toxumlarla təmin olunmasına dəstək göstərmək, toxum istehsalçıları ilə fermerlər arasında əlaqələri genişləndirmək, aqrar sahədə müasir texnologiyaların və innovativ yanaşmaların tətbiqini təşviq etmək, eləcə də kənd təsərrüfatı məhsulları istehsalçılarının bazar imkanlarını genişləndirmək olub.
Festivalda toxum istehsalı və satışı ilə məşğul olan özəl şirkətlər, fərdi toxumçuluq subyektləri, aqrar sahədə fəaliyyət göstərən sahibkarlar, fermerlər və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Tovuzda kənd təsərrüfatının inkişafı, fermer təsərrüfatlarının dəstəklənməsi və müasir istehsal imkanlarından səmərəli istifadənin vacibliyini vurğulayıb. Qeyd edib ki, bu cür tədbirlər yerli istehsalçıların məhsullarını tanıtması, yeni işgüzar əlaqələr qurması və aqrar sahədə təcrübə mübadiləsi aparması üçün əlverişli şərait yaradır.
Milli Məclisin deputatı Arzu Nağıyev aqrar sektorun inkişafının ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında, regionların iqtisadi potensialının gücləndirilməsində və kənd yerlərində sahibkarlıq fəaliyyətinin genişləndirilməsində mühüm rol oynadığını vurğulayıb.