Kənd Təsərrüfatı Nazirliyi · 20 Okt 2026

Xaçmazda fındıq bağlarını dövlət dəstəyi ilə sığortalamaq mümkündür

Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda bağçılığın inkişafı və bitkiçilik məhsullarının sığortalanması ilə bağlı mühüm vəzifələr nəzərdə tutulub.

Ölkədəki fındıq bağlarının təxminən 20 min hektarı Quba-Xaçmaz regionunun payına düşür. Xaçmaz rayonunda isə 11 148 hektar fındıq bağı mövcuddur. Bu sahə bölgədə kənd təsərrüfatının inkişafında və fermer ailələrinin gəlirlərinin formalaşmasında mühüm rol oynayır.

Dolu, fırtına, qasırğa, sel və subasma kimi təbiət hadisələri fındıq bağlarına zərər vuraraq məhsul itkisinə və fermerlərin gəlirlərinin azalmasına səbəb ola bilər. Belə risklərdən qorunmaq üçün aqrar sığorta mexanizmi fermerlərə mühüm imkanlar yaradır.

Aqrar Sığorta Fondu vasitəsilə 41 bitkinin, o cümlədən 20-yə yaxın meyvə bitkisinin sığortalanması mümkündür. Mexanizmin əsas üstünlüyü sığorta haqqının 50%-nin dövlət tərəfindən ödənilməsidir. Beləliklə, fermer sığorta haqqının yalnız yarısını ödəməklə təsərrüfatını sığortalaya bilər.

Hesablamalara əsasən Xaçmaz rayonunda 1 hektar fındıq bağının əsas risklərdən sığortalanması fermerə təxminən 26 manata başa gələ bilər.

Mənbə: Kənd Təsərrüfatı Nazirliyi