Kənd Təsərrüfatı Nazirliyi · 30 Sen 2026

Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

Mal-qara saxlayan fermerlər öz təsərrüfatlarındakı iribuynuzlu heyvanları Aqrar Sığorta Fondunda sərfəli şərtlərlə sığortalaya bilərlər. Dövlət dəstəyi ilə tətbiq olunan aqrar sığorta mexanizmi çərçivəsində inək və camışlarla yanaşı, qoyun və keçilərin də sığortalanması mümkündür.

Göygöl rayonunda 1 baş iribuynuzlu heyvanın 1 il müddətinə sığortalanması fermer üçün 24 manata başa gəlir. Sığortanın ümumi haqqı 48 manat təşkil edir. Dövlət tərəfindən sığorta haqqının 50 faizi ödənildiyindən fermerin ödəyəcəyi məbləğ 24 manat təşkil edir.

Hesablamalara əsasən, bir baş iribuynuzlu heyvanın sığorta dəyəri 1000 manat, azadolma məbləği isə 10 faiz götürülür. Bu halda 5 baş iribuynuzlu heyvanın ümumi sığorta dəyəri 5000 manat təşkil edir və onların bir il müddətinə sığortalanması fermerə cəmi 120 manata başa gəlir.

Aqrar sığorta çərçivəsində iribuynuzlu heyvanlar təbii fəlakətlər, yoluxucu xəstəliklər, ot və yemdən zəhərlənmə, ilan və həşərat sancması, yanğın, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və digər risklərdən sığortalana bilər.

Sığorta hadisəsi baş verdikdə ödəniş hesablanarkən müqavilədə nəzərdə tutulan 10 faizlik azadolma məbləği nəzərə alınır. Sığorta dəyəri 1000 manat olan iribuynuzlu heyvan tələf olduqda 100 manat azadolma məbləği çıxılır və fermerə 900 manat sığorta ödənişi verilir.

Mənbə: Kənd Təsərrüfatı Nazirliyi